Problemsiz kino problemi | Baxış

   Problemsiz kino problemi    | Baxış
  12 Fevral 2025    Oxunub:268
Müasir Azərbaycan kinosundan bəhs edərkən əsasən problemlərdən danışılır. Problemlərin bir neçə əsas səbəbi var. Çox zaman izləyicilər filmlərin keyfiyyətsizliyindən gileylənir, yaradıcı heyət isə kütlənin zövqsüzlüyündən. Bəs əslində problem nədir?
Əvvəla, filmlər üçün seçilən mövzuların bənzər və ya eyni olması. Çox zaman kütlənin “tələb”ini əsas götürərək ailə-məişət mövzularına üz tutulur. Bu mövzuda ssenari yazmaq və film çəkmək daha asandır. Çünki izləyici ekranda qismən də olsa özünü görəndə film onun üçün doğmalaşır. Lakin hər zaman kütlənin tələbini əsas götürəndə irəliləyiş əldə etmək çətin olur.

Yaradıcı heyətin tənqidi qəbul etməməsi digər böyük problemdir. Filmin yaradıcıları onu bir növ “övlad”ları kimi görürlər, düşünürlər ki, mükəmməldir, düzəlişə və ya ixtisara ehtiyacı yoxdur. Nəticədə filmdə pafos nəzərə çarpır. Bu da onu reallıqdan uzaqlaşdırır və keyfiyyətini aşağı salır.

Ayların, bəzən illərin əziyyəti hesabına başa gələn filmə kütlə maraq göstərməyəndə yaradıcı heyət ruhdan düşür. Kütlənin marağının az olması isə ya mövzudan qaynaqlanır, ya da təqdimatın zəif olmasından.

Bəs bu kimi problemlərin həlli üçün hansı addımlar atılır və ya atılmalıdır?

Əvvəla, izləyicinin marağını çəkmək üçün yaxşı reklam və təqdimat lazımdır. Qulu Əsgərovun 2023-cü ildə ekranlaşdırılan “Mən buradayam, İlahi!” tammetrajlı filmini buna misal göstərmək olar. Vətən Müharibəsinə həsr olunmuş filmin qayəsini son zamanlar aktual olan müharibə və onun insan psixologiyasına təsirləri təşkil edir. Filmin reklam kampaniyası yaxşı qurulduğundan izləyici ondan xəbərdar idi.

Mövzunun aktuallığı da vacib faktordur. Filmlərdə xırdaçılığa yol verməmək, izləyicini düşündürəcək lövhələr yaratmaq, pafoslu aktyor oyununun qarşısını almaq, gərək olduqda ssenaridə ixtisarlar və ya əlavələr etmək lazımdır.

Ölkəmizdə son illərdə çəkilən filmlərin çoxu komediyadır. Götürək “Hozu dayə” filmini. Sinopsisinə nəzər yetirsək, aktual mövzuya toxunulub, ideyası cəlbedicidir. Hozu özünü müxtəlif iş sferalarında sınayır. Anasına söz verir ki, qəzetdə barmağını qoyduğu işdə çalışacaq. Tərslikdən “yaşlı bir qadına dayə axtarılır” elanına təsadüf edir. Verdiyi sözü tutur və qocanın bütün kaprizlərinə dözür. Göründüyü kimi, komediya fabulasında da olsa, eyni vaxtda bir neçə aktual problemə toxunulub. Əsas da budur.

Günel Abdulla
AzVision.az


Teqlər: Kino  





Xəbər lenti